Türkiyənin teatr, kino və televiziya dünyasının tanınmış simalarından Münir Canar 81 yaşında vəfat edib.
Sənətçinin ölüm xəbərini Türkiyə Dövlət Teatrları Baş İdarəsi yayıb.
Qurumun açıqlamasında bildirilib:
“Dövlət Teatrlarının ustad sənətçisi, müəllimimiz Münir Canarı itirdik. Türk teatrının, kinosunun və televiziya ekranlarının ən dəyərli simalarından biri, Dövlət Teatrlarının təqaüddə olan ustad sənətçisi Münir Canarın 81 yaşında aramızdan ayrılmasının dərin kədərini yaşayırıq”.

Ömrünü sənətə həsr edən Münir Canar uzun illər Dövlət Teatrlarında həm aktyor, həm də rejissor kimi fəaliyyət göstərib. O, teatr səhnəsindəki fəaliyyəti ilə yanaşı, kino və televiziya layihələrində də çoxsaylı obrazlar yaradıb.
FilmSan Vəqfi də sənətçinin vəfatı ilə bağlı başsağlığı mesajı yayımlayıb.
1945-ci il aprelin 22-də anadan olan Münir Canar tamaşaçılara xüsusilə uzun illər yayımlanan “Kaynanalar” serialındakı Katip Kerim obrazı ilə tanışdır. O, həmçinin “Eyyvah Eyvah” və “Oflu Hoca'nın Şifresi 2” kimi ekran işlərində rol alıb.

