2023-cü ildə dünyada passiv siqaret çəkmə təxminən 1,66 milyon vaxtından əvvəl ölümə səbəb olub. Tütün tüstüsünün təsirinə isə 767 milyonu uşaq olmaqla, ümumilikdə təxminən 2,7 milyard insan məruz qalıb.
Bu nəticələr “The Lancet” elmi jurnalında dərc olunan araşdırmada təqdim edilib.
Alimlər 2010–2025-ci illərdə dərc edilmiş tədqiqatların məlumatlarını təhlil edərək 1990–2023-cü illər ərzində 204 ölkə və ərazidə passiv siqaret çəkmənin insan sağlamlığına təsirini qiymətləndiriblər. Tədqiqat müəllifləri vurğulayırlar ki, tütün tüstüsünə məruz qalmanın təhlükəsiz səviyyəsi yoxdur.
Passiv siqaret çəkmə ürək-damar və tənəffüs sistemi xəstəlikləri riskinin artması ilə əlaqələndirilir. Hesablamalara görə, 2023-cü ildə bunun nəticəsində dünyada 44,8 milyon sağlam həyat ili itirilib. Ən böyük təsir ürək əzələsinin kifayət qədər oksigen almaması ilə xarakterizə olunan işemik ürək xəstəliyi ilə bağlı olub.
Alimlər uşaqların xüsusilə həssas olduğunu bildirirlər. 2023-cü ildə tütün tüstüsünə məruz qalma uşaqlar arasında təxminən 5,16 milyon tənəffüs yolu infeksiyası ilə əlaqələndirilib. Uşaq həm siqaretin yanan hissəsindən yayılan tüstünü, həm də siqaret çəkən şəxsin nəfəsindən çıxan tüstünü qəbul edə bilər. Tədqiqatçılar qeyd edirlər ki, yanan siqaretin ucundan çıxan tüstüdə bəzi zəhərli və kanserogen maddələrin miqdarı daha yüksək ola bilər.
1990-cı ildən bəri dünyada siqaret çəkmənin yayılması 22 faiz azalsa da, passiv siqaret tüstüsünə məruz qalan insanların sayı demək olar ki, dəyişməyib. Afrikanın Saharaaltı bölgəsi, Şimali Afrika və Yaxın Şərq kimi bəzi regionlarda isə bu göstəricinin artdığı bildirilir.
Araşdırma müəllifləri xüsusilə qadınların və uşaqların tütün tüstüsündən qorunması üçün daha sərt tədbirlərin görülməsini vacib hesab edirlər. Onların fikrincə, bu tədbirlər insanların çox vaxt keçirdiyi məkanları, o cümlədən evləri də əhatə etməlidir.

