Dost məclislərində “arada bir” çəkilən siqaretlər də zərərsiz deyil. Mütəxəssislər “sosial siqaretçəkmə” adlandırılan bu vərdişin ürək, damar və ağciyər xəstəlikləri riskini artırdığını, təhlükəsiz yeganə yolun isə siqareti tam tərgitmək olduğunu vurğulayırlar.
Bir çox insan yalnız dostlarla görüşərkən və ya əyləncə məkanlarında çəkilən siqaretlərin ciddi fəsad yaratmadığını düşünür. Ancaq həkimlərin fikrincə, bu da siqaretçəkmə sayılır və ciddi sağlamlıq təhlükəsi daşıyır.
Az siqaret də orqanizmə təsir edir
Araşdırmalar göstərir ki, gündə bir neçə siqaret və ya vaxtaşırı siqaret çəkmək belə ürək xəstəlikləri, insult və ağciyər xərçəngi riskini artırır. Mütəxəssislər xəbərdarlıq edir: “Az çəkmək təhlükəsiz demək deyil.”
Siqaret tüstüsündə 7 mindən çox kimyəvi maddə var. Onların böyük hissəsi toksik və kanserogendir. Siqaret sayı az olsa belə, bu maddələr damarlara və tənəffüs yollarına mənfi təsir göstərir.
Asılılıq riski çox vaxt nəzərdən qaçırılır
“Sosial siqaret çəkənlər” adətən vəziyyətə nəzarət etdiklərini düşünsələr də, nikotinin asılılıq yaradan təsiri səbəbindən bu vərdiş zamanla davamlı siqaretçəkməyə çevrilə bilər.
Həkimlər bildirir ki, siqaretin təhlükəsiz dozası yoxdur. Siqaret tam tərgidildikdə ürək-damar riski qısa müddətdə azalır, uzunmüddətli dövrdə isə ağciyər sağlamlığında nəzərəçarpan yaxşılaşma müşahidə olunur.

