Britaniyalı milyarder Kris Rokos ölkədə vergilərin artırılması ehtimalı fonunda vergi rezidentliyini Yunanıstana köçürməyi planlaşdırır.
“Financial Times”ın məlumatına görə, “Rokos Capital Management” hedc-fondunun rəhbəri olan milyarder daha əlverişli vergi rejimindən yararlanmaq istəyir.
Nəşr yazır ki, Rokos ötən il Böyük Britaniyada 330 milyon funt sterlinq vergi ödəyib. Onun sərvəti isə təxminən 2,6 milyard funt sterlinq qiymətləndirilir.
Yunanıstan böyük həcmdə xarici gəlirləri olan yeni vergi rezidentlərinə xüsusi rejim təklif edir. Bu sistemə əsasən, uyğun şəxslər xaricdə əldə etdikləri gəlirlər üzrə 15 ilədək hər il sabit 100 min avro vergi ödəyə bilərlər.
Bu güzəştli rejimdən yararlanmaq üçün əsas şərtlərdən biri Yunanıstan iqtisadiyyatına ən azı 500 min avro sərmayə yatırmaqdır.

