Vətən sevgisi, şəhidlik və qəhrəmanlıq xalqımızın ruhunun ayrılmaz hissəsidir. Bu dəyərləri yaşadanlara ehtiram göstərənlər cəmiyyətimizin mənəvi sütunlarını daha da möhkəmləndirir. Qurban bayramı kimi müqəddəs və insani dəyərlərlə zəngin bir gündə Sumqayıt şəhərində yüksək mənəvi addım atılıb – Vətən uğrunda canını fəda etmiş, Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə ana ziyarət olunub.
Ziyarətdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov, bələdiyyənin aparat üzvləri ,qazi Vüsal Şahbazov və digər ictimai nümayəndələr iştirak ediblər. Bu ziyarət sadəcə bir rəsmi görüş deyil, şəhid ailəsinə göstərilən yüksək ehtiramın, dərin mənəvi bağların və cəmiyyətimizin qəhrəmanlarına olan sarsılmaz sevgisinin ifadəsidir.
Teymur Səmədov Səmayə ananı Qurban bayramı münasibətilə təbrik edərək, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun da salamlarını və xoş arzularını çatdırıb. O bildirib ki, Sumqayıt şəhərində şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır. Onların sosial rifahı, qayğıları, gündəlik ehtiyacları yerli icra orqanlarının daim diqqətindədir. Bu, yalnız rəsmi bir məsuliyyət deyil, həm də vicdani bir borcdur.
Ziyarət zamanı Sumqayıt şəhər Bələdiyyəsinin sədri Adil Xudadatov da çıxış edərək şəhid və qazi ailələrinin bələdiyyənin fəaliyyətində hər zaman prioritet məsələ olduğunu vurğulayıb. O qeyd edib ki, Polad Həşimov kimi qəhrəmanların ailələrinə diqqət göstərmək, onların yanında olmaq hər bir azərbaycanlının vəzifəsidir.
Səmayə ana isə bu ziyarətə görə dərin təşəkkürünü bildirib. O, göstərilən diqqət və qayğıya görə başda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev olmaqla bütün dövlət və şəhər rəhbərliyinə minnətdarlığını ifadə edib. Şəhid anası sözlərində, oğlunun və digər şəhidlərimizin canları bahasına qorunan və qurulan bu dövlətin sabitliyi və inkişafı üçün dua etdiyini bildirib.
Bu ziyarət yalnız bir ailəyə deyil, bütün şəhid ailələrinə verilən mesaj idi – “Siz tək deyilsiniz!”. Dövlətin və xalqın qəlbində şəhidlərin yeri əbədi olaraq yaşayacaq, onların ailələri isə hər zaman cəmiyyətin hörmət və sevgisi ilə əhatə olunacaq.
Qəhrəman Polad Həşimovun əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq. Onun adına göstərilən ehtiram isə gələcək nəsillər üçün örnək olaraq qalacaq.