Azərbaycan polisinin yaranmasının 107-ci ildönümü münasibətilə Abşeron rayonunda geniş tədbir təşkil olunub.
Den.az xəbər verir ki, tədbirə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə Sadıxova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və polis əməkdaşları qatılıblar.
Tədbir Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayıb. İştirakçılar dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər, abidəsi önünə gül dəstələri düzərək hörmət və minnətdarlıqlarını ifadə ediblər. Daha sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. Burada Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbir çərçivəsində Azərbaycan polisinin tarixindən bəhs edən sənədli film nümayiş etdirilib. Ardınca çıxış üçün söz Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə verilib. O, çıxışında Azərbaycan polisinin keçdiyi şərəfli yoldan, dövlətin və vətəndaşların təhlükəsizliyinin təminində hüquq-mühafizə orqanlarının misilsiz rolundan bəhs edib.Vurğulayıb ki, Azərbaycan polisi ölkənin daxili sabitliyinin və ictimai asayişin qorunmasında hər zaman peşəkarlıqla fəaliyyət göstərib. Ən müasir infrastruktura və maddi-texniki bazaya malik olan Azərbaycan polisi ictimai asayişin, qanunların qorunması üzrə peşəkar kadr korpusuna malikdir. Vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərinin etibarlı müdafiəsində, cinayətkarlığa, transmilli mütəşəkkil kriminal ünsürlərə qarşı mübarizədə barışmaz mövqe tutan daxili işlər orqanları hər zaman vəzifə borcuna sadiq qalıb.Vətən müharibəsində Daxili İşlər Nazirliyi strukturlarının oynadığı rol bunun bariz nümunəsidir. Çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənin yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıb. Bu müharibədə Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Tədbirdə Abşeron Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi, polis mayoru Elnur Rəşidov da çıxış edərək, Azərbaycan polisinin peşəkar fəaliyyəti, xalqla olan bağlılığı və hüquq-mühafizə sistemindəki nailiyyətlərdən danışıb.
Əlamətdar tədbirdə 44 günlük Vətən müharibəsi şəhidi Elçin Mehdiyevin atası Rəhman Mehdiyev çıxış edərək, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə dövlətə təşəkkürünü bildirib. O, polis orqanlarının şəhid ailələrinə hər zaman dəstək olduğunu qeyd edərək, bu ənənənin gələcək nəsillərə örnək olacağını vurğulayıb.
Sonda xidməti fəaliyyətində fərqlənən bir qrup polis əməkdaşı fəxri fərmanlarla təltif edilib. Tədbir ölkəmizin tanınmış xalq və əməkdar artistlərinin ifasında səslənən vətənpərvərlik ruhlu musiqi proqramı ilə davam etdirilib. Rəngarəng və yüksək əhval-ruhiyyəli konsert proqramı tədbir iştirakçılarının alqışları ilə müşayiət olunub.
Qeyd edək ki, bu cür tədbirlər polis əməkdaşlarının peşəsinə verilən yüksək qiymətin və onlara olan dərin ehtiramın göstəricisidir. Azərbaycan polisi bundan sonra da dövlətçiliyimizin keşiyində əzmlə dayanmağa davam edəcək.