Sumqayıtlı balaca istedad Hüseyn Qələndərlinin həyat hekayəsi qısa, amma yaddaşlarda dərin izlər buraxıb.
Denmedia.az xəbər verir ki, onun faciəli ölümü təkcə ailəsi üçün deyil, həm də müəllimləri, dostları və futbol yoldaşları üçün böyük bir itki oldu.
Qələndərli Hüseyn İzmir oğlu 11 dekabr 2011-ci ildə Sumqayıt şəhərində dünyaya göz açıb. Maraqlıdır ki, o, atasının doğum günündə doğulmuşdu. Uşaqlıqdan futbola xüsusi marağı ilə seçilən Hüseyni atası 2018-ci ildə “Sunami” futbol klubuna yazdırır. Həmin il Hüseyn eyni zamanda Sumqayıt şəhər İstedad Liseyinin 1-ci sinifinə qəbul olur.
Komandada Rəşid və Tağı müəllimlərin rəhbərliyi altında oynamağa başlayan Hüseyn, qısa zamanda bacarığı və çalışqanlığı ilə diqqət çəkib. O, yarımmüdafiəçi mövqeyində 4 nömrəli forma ilə çıxış edirdi.
Hüseynin futbol sahəsində ilk uğuru 2019-cu ildə gəldi. O, həmin il “Ən fəal oyunçu” diplomuna layiq görülmüşdü. Sonrakı illərdə isə həm şəhər, həm də respublika çempionatlarında müxtəlif uğurlar qazandı. 2021-ci ildə çıxış etdiyi “Sunami” komandası Sumqayıt şəhər çempionatında 2-ci yerə sahib olaraq medal, kubok və diplomla təltif olunmuşdu.
Futbol sevgisi ilə yanaşı Hüseyn dərslərində də həmişə fərqlənirdi. Müəllimləri onun çalışqan, mehriban və ünsiyyətcil bir şagird olduğunu xatırlayırlar.
Lakin həyatın qəfil gətirdiyi sınaq bu gənc arzuları yarımçıq qoydu. 25 avqustda Novxanı çimərliyində çimərkən Hüseyn gözlənilmədən boğularaq dünyasını dəyişdi. Cəmi 9 yaşlı Hüseynin itkisi ailəsini və tanıyan hər kəsi dərin hüznə boğdu. Atası hər gün səhər tezdən oğlunun məzarını ziyarət edərək təskinlik tapır.
Onun vəfatından sonra Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi Hüseyn Qələndərlinin xatirəsinə futbol turniri təşkil etdi. Bir çox komandaların iştirak etdiyi bu turnirdə Hüseynin şərəfini qoruduğu “Sunami” klubu qalib gəldi. Bu qələbə həm komanda, həm də ailəsi üçün böyük bir mənəvi təsəlli oldu.
Valideynləri Hüseynin ölümündən sonra onun xatirə dəftərini tapdılar. Balaca Hüseyn orada 9 illik həyatında başına gələn yaxşı və pis hadisələri qeyd etmişdi. Dəftərdəki ən son yazısı isə hər kəsi kövrəldir:
“Ola bilər ölə bilərəm. Sizdən son arzum – ailəmin üzü hər zaman gülsün.”
Bu sözlər onun uşaq təmizliyi ilə böyüklərə örnək olacaq dərin düşüncələrə sahib olduğunu göstərir.
Bu gün Hüseyn Qələndərlinin ildönümüdür. Onun həyatı qısa olsa da, iz qoyan xatirələri, səmimiyyəti və futbola olan sevgisi həmişə yaddaşlarda qalacaq.
Allah rəhmət etsin. Hüseyn heç zaman unudulmayacaq.
Ellada Rəsul
Denmedia.az