Son günlər Türkiyə, İran və Rusiyada baş verən ardıcıl zəlzələlər regionda narahatlıq doğurub. Rəsmi qurumlar bu təkanların zəlzələdən sonrakı afterşoklar olduğunu bildirsə də, Azərbaycanda da insanlar mümkün təsirlərdən ehtiyatlanır.
Qonşu ölkələrin tez-tez silkələnməsi Azərbaycana də təsir edə bilərmi?
DenMedia.az xəbər verir ki, bu barədə danışan biomüxtəliflik üzrə ekspert, ekoloq Arzu Mustafayev deyib ki, Türkiyədən üç əsas fay xətti keçir:
“Biri Mərmərə dənizi və İstanbuldan, biri Cənub-Şərqi Anadoludan, digəri isə Ege bölgəsindən. Bu səbəbdən həmin ərazilərdə mütəmadi gərginliklər və enerji boşalmaları baş verir. Azərbaycan isə bu zəlzələlərin təsir dairəsindən nisbətən uzaqda yerləşir. Ölkəmizdə də aktiv seysmik zonalar mövcuddur. Məsələn, Şamaxı–İsmayıllı, Şamaxı–Ağsu qırılma sahələri, Xəzər akvatoriyası və Kiçik Qafqaz bölgəsi belə zonalardandır. Lakin verilən məlumatlara əsasən, bu ərazilərdə ciddi gərginlik müşahidə olunmur. Hiss olunan və olunmayan gündə yüzlərlə kiçik zəlzələlər baş verir ki, bu da yer qabığında yığılan gərginliyin tədricən boşalmasına səbəb olur. Bu, əslində, müsbət tendensiya sayılır, çünki gərginliyin birdən-birə qırılmaya gətirib çıxarmasının qarşısını alır”.
Ekspert qeyd edib ki, hazırda dağıdıcı zəlzələ riski barədə elmi əsaslı xəbərdarlıq yoxdur:
“Bununla belə, bütün hallarda əhali və tikinti sektorunun nümayəndələri tərəfindən seysmik təhlükəsizlik qaydalarına ciddi əməl olunmalıdır. Mənzil və ya yüksəkmərtəbəli bina inşa edən şirkətlər istifadə etdikləri materialların keyfiyyətinə, eləcə də onların zəlzələyə davamlılıq standartlarına mütləq riayət etməlidirlər”. Globalinfo.az

