Abşeron Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə “2025-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusu ətrafında geniş tərkibli müşavirə keçirilib.
Müşavirədə bildirilib ki, ölkədə mülki müdafiə tədbirləri mövcud qanunvericiliyə uyğun şəkildə həyata keçirilir və bu sahənin təkmilləşdirilməsi dövlətin təhlükəsizlik strategiyasının prioritet istiqamətlərindən biridir. FHN tərəfindən təsdiq olunan “2025-ci il üçün mülki müdafiə tədbirləri Planı” çərçivəsində Abşeron rayonunda görülən işlər, mövcud vəziyyət və əldə olunan nəticələr tədbir iştirakçılarının diqqətinə təqdim olunub.
Abşeron Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Yusif Sadıqov çıxışında rayonda mülki müdafiə sahəsində icra olunan tədbirlər barədə ətraflı məlumat verib. O, 2026-cı il üçün qarşıda duran əsas hədəfləri və həyata keçirilməsi planlaşdırılan yeni layihələri qeyd edərək, müvafiq qurumlar arasında əlaqələndirmənin daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
FHN Sumqayıt Regional Mərkəzinin rəisi, polkovnik Vaqif Fətullayev “Abşeron rayonunda mülki müdafiənin təşkili və planlaşdırılması, əhalinin hazırlanması, maarifləndirmə tədbirləri və görülmüş işlərin təhlili” mövzusunda geniş təqdimatla çıxış edib. O, rayon ərazisində aşkar olunan bəzi pozuntular haqqında məlumat verib və həlli vacib olan məsələləri iştirakçıların diqqətinə çatdırıb.
Tədbir interaktiv formatda davam edib. İdarə, müəssisə və təşkilatların nümayəndələri mövcud problemlər, onların aradan qaldırılması yolları və 2026-cı il üçün nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparıblar. Müzakirələrdən sonra mülki müdafiə təlimlərini əks etdirən videoçarx nümayiş olunub.
Müşavirə yekun nitqlə başa çatıb. Abşeron Rayon İcra Hakimiyyəti rəhbərliyi mülki müdafiə sahəsində fəaliyyətin daha da gücləndirilməsinin, əhalinin maarifləndirilməsi və fövqəladə hallara hazırlığın artırılmasının vacibliyini xüsusi ilə vurğulayıb.
Nizami Rəsulov
Denmedia.az

