Bayram günlərində xalqın yaddaşında əbədi yaşayan qəhrəmanların xatirəsi bir daha ehtiramla anılıb. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Saray qəsəbə Şəhidlər Xiyabanını ziyarət edib.
Bu barədə Denmedia.az-a Abşeron rayon İcra Hakimiyyətindən məlumat verilib.
Ziyarətdə icra başçısı ilə yanaşı şəhid ailə üzvləri də iştirak ediblər. Tədbir dərin duyğular, sükut və ehtiramla müşayiət olunub. Şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ruhlarına dualar oxunub, Vətən uğrunda canından keçən qəhrəmanların göstərdiyi misilsiz şücaət minnətdarlıqla xatırlanıb.
Abdin Fərzəliyev şəhid ailələri ilə səmimi söhbət edib, onların qayğı və problemləri ilə maraqlanıb, dövlətin hər zaman şəhid ailələrinin yanında olduğunu vurğulayıb. Qeyd olunub ki, bu torpaqlarda rahat və təhlükəsiz yaşamağımız məhz şəhidlərin canı bahasına mümkün olub və onların xatirəsi daim uca tutulacaq.
Ziyarət zamanı hiss olunurdu ki, Şəhidlər Xiyabanı təkcə bir məkan deyil, həm də Vətənə sədaqətin, milli birliyin və qürurun rəmzidir. Bayram günündə bu ziyarət bir daha göstərdi ki, Azərbaycan xalqı öz şəhidlərini heç vaxt unutmur, onların müqəddəs xatirəsi hər zaman ehtiramla anılır.






Nizami Rəsulov
Denmedia.az

