Azərbaycanda sosial platformaların tənzimlənməsi və onlardan qaynaqlanan təhdidlərə qarşı mübarizə üçün hüquqi baza yaradılmalıdır.
Bu fikri Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Abulfət Rzayev II Azərbaycan Hakimləri Forumu çərçivəsində keçirilən “Cinayət mühakimə icraatının aktual məsələləri və müasir çağırışlar” panel müzakirəsində səsləndirib, DenMedia.az oxu.az-a istinadən xəbər verir.
Rzayev bildirib ki, hüquqi baxımdan kifayət qədər tənzimlənməyən sosial şəbəkələrin artan təhlükəsi və bu platformaların aktiv şəkildə cinayət alətinə çevrilməsi bu sahədə daha effektiv tədbirlərin görülməsini zəruri edir.
“Söz və media azadlığı arqumentləri altında bu sahədə kifayət qədər tənzimləmə aparılmayıb. Nəzarətsiz şəbəkələrin genişlənməsi və onların ailə və fərdi dəyərlərə mənfi təsiri bir sıra ölkələrdə artıq hüquqi tənzimləmənin tətbiqinə səbəb olub. Ölkəmizdə də bu sahənin tənzimlənməsi üçün müvafiq hüquqi baza yaradılmalıdır. Mövcud qanunvericilik bu çağırışlarla tam mübarizə aparmağa imkan vermir”, – deyə A.Rzayev vurğulayıb.

