Fatmayıda Novruz coşqusu: qədim ənənələr möhtəşəm bayram şənliyində yaşadıldı-VİDEO
Novruz bayramı münasibətilə Abşeron rayonunun Fatmayı kəndində möhtəşəm bayram şənliyi təşkil olunub.
Denmedia.az xəbər verir ki, sakinlərinin böyük maraqla qatıldığı tədbir Abşeron Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Fatmayı Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilib.
Axşam saatlarında kəndin mərkəzinə toplaşan yüzlərlə sakin Novruzun sevincini birlikdə yaşayıb, qədim adət-ənənələrimizi əks etdirən rəngarəng proqramı maraqla izləyib. Bayram ab-havasının hiss olunduğu tədbirdə Fatmayı kəndinin mərkəzi xüsusi olaraq bəzədilib, ərazidə Novruzun rəmzləri nümayiş olunub.
Kənd sakinləri, uşaqlar, gənclər və ağsaqqallar bir araya gələrək milli həmrəyliyin, birlik və bərabərliyin nümunəsini ortaya qoyublar. Şənlikdə əsrlərdən süzülüb gələn Novruz ruhu hər kəsin sevincində, simasında və bayram ovqatında öz əksini tapıb.
Tədbirin ən yaddaqalan anlarından biri tonqalın alovlandırılması olub. Belə ki, at belində meydana daxil olan şəxs bayram tonqalını alovlandıraraq şənliyə xüsusi rəng qatıb. Bu səhnə sakinlər tərəfindən alqışlarla qarşılanıb və Novruzun od, işıq, yenilənmə fəlsəfəsini bir daha nümayiş etdirib. Tonqal ətrafında toplaşan insanlar arzular tutub, bayramın sevincini birgə bölüşüblər.
Şənlikdə çıxış edən Fatmayı Bələdiyyəsinin sədri Nəsir Nəsirli sakinləri Novruz bayramı münasibətilə təbrik edib, onlara xoşbəxtlik, firavanlıq və süfrələrinə bol ruzi arzulayıb. O bildirib ki, Novruz yalnız təbiətin oyanışı yox, eyni zamanda insanların birliyini, milli-mənəvi dəyərlərə bağlılığını və adət-ənənələrə sədaqətini ifadə edən müqəddəs bayramdır. Bələdiyyə sədri vurğulayıb ki, Fatmayıda hər il keçirilən bu cür tədbirlər xalqımızın zəngin mədəni irsinin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Bayram tədbiri çərçivəsində təqdim olunan konsert proqramı da sakinlərə unudulmaz anlar yaşadıb. Səslənən şən musiqilər, milli ruhda ifalar və bayram əhval-ruhiyyəsini yüksəldən çıxışlar tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Musiqinin sədaları altında insanlar bayram sevincini doyunca yaşayıb, uşaqlar isə xüsusi həvəslə şənliyə qoşulublar.
Novruz şənliyinin əsas məqamlarından biri də milli adət-ənənələrin yaşadılması olub. Tədbirdə Novruzun mahiyyətini əks etdirən elementlər, qədim xalq mərasimlərinin ab-havası və baharın gəlişini simvolizə edən görüntülər geniş yer alıb. Bu isə bir daha göstərib ki, xalqımızın mənəvi sərvəti olan Novruz , həm də milli kimliyimizin, tariximizin və mədəni yaddaşımızın ayrılmaz hissəsidir.
Fatmayı kəndində təşkil olunan bu bayram şənliyi sakinlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Kənd əhalisi belə tədbirlərin cəmiyyətin bir araya gəlməsində, insanlar arasında ünsiyyətin və mehribanlığın güclənməsində mühüm rol oynadığını qeyd edib. Eyni zamanda, bu cür mərasimlərin uşaqlarda və gənclərdə milli dəyərlərə bağlılıq hissinin formalaşmasına mühüm töhfə verdiyi vurğulanıb.
Qeyd edək ki, Fatmayı kəndində Novruz bayramı münasibətilə bu cür tədbirlər artıq ənənə halını alıb. Hər il böyük coşqu ilə keçirilən şənliklər qədim adətlərimizin yaşadılmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə və bayram sevincinin daha geniş şəkildə paylaşılmasına xidmət edir. Bu il də təşkil olunan möhtəşəm tədbir Novruzun birləşdirici gücünü, xalqımızın zəngin ənənələrə bağlılığını və birgə sevinc yaşamaq mədəniyyətini bir daha nümayiş etdirdi.
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.