Azərbaycanda vaxt ölçülməsi sahəsində mühüm yenilik həyata keçirilib.
Azərbaycan Metrologiya İnstitutu (AzİM) tərəfindən ölkədə milli vaxt etalonunun tətbiqi istiqamətində vacib addım atılıb.
Bundan sonra Bakının simvollarından biri olan Paraşüt qülləsində vaxt Azərbaycan Milli Etalon Vaxtına — UTC (AZ) əsasında göstərilir.
Qüllənin yerləşdiyi Bulvar ərazisində bu barədə məlumat verən xüsusi informasiya lövhəsi də quraşdırılıb.
Bu yenilik ictimai məkanlarda milli vaxt mənbəyinin tətbiqinin genişləndirilməsi və vaxtın sinxronlaşdırılması baxımından əhəmiyyətli hesab olunur.
Layihə AzİM-in, xüsusilə zaman və tezlik ölçmələri laboratoriyasının məqsədyönlü fəaliyyəti nəticəsində həyata keçirilib.
Qeyd edək ki, UTC (AZ) — Azərbaycanın Milli Etalon Vaxtı — ötən ilin noyabrında Beynəlxalq Ölçü və Çəki Bürosu (BIPM) tərəfindən təsdiqlənib.
Bu, ölkədə vahid və etibarlı vaxt infrastrukturunun formalaşdırılması üçün mühüm addım sayılır.

