Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatları, YAP Quba rayon təşkilatının sədri, digər dövlət rəsmiəri, rayonun idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, digər qonaqlar, tələbələr və gənclər iştirak edib.
Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Ümummilli Liderin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Azərbaycan Respublikasının müstəqilliyinin qorunması yolunda ömrünü xalqına həsr etmiş ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın və soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra 31 Mart soyqırımına həsr olunmuş video çarx nümayiş olundu. Tədbirdə çıxış edənlər 1918-ci il mart hadisələrinin mahiyyəti, azərbaycanlılara qarşı törədilmiş soyqırımı siyasəti və bu faciənin tarixi yaddaşımızda yeri barədə ətraflı bilgi vermiş, faciənin unudulmaması, gələcək nəsillərə düzgün çatdırılmasının vacibliyini xüsusi vurğulamışlar. Qeyd edilib ki,1998-ci ildən 31 Mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırım günü kimi qeyd edilir.Azərbaycanlıların kütləvi surətdə qırğını,repressiyalara məruz qalması,doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.
Konfransdan sonra tədbir iştirakçıları Quba şəhərindəki “Soyqırımı memorial kompleksi” ziyarət etdilər. Ziyarət zamanı abidə önünə gül dəstələri düzülüb, soyqırımı qurbanlarının əziz xatirəsi dərin ehtiramla yad edilib. Sonra qonaqlar ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımını, etnik təmizləməni, dinc əhalinin amansızlıqla qətlə yetirilməsini faktlarla əks etdirən muzey və kütləvi məzarlıqla tanış olublar.
Ziyarətdən sonra “Soyqırımı memorial kompleksi”nin yaxınlığındakı ərazidə ağaclar əkilib, ətraf mühitin qorunmasına və yaşıllıqların artırılmasına töhfə verilmişdir. Tədbir rayon rəsmilərinin qonaqlarla birgə Quba şəhərindəki şəhidlər xiyabanını ziyarət olunması, şəhidlərin ruhuna dualar oxunması və məzarları üzərinə gül dəstələrinin düzülməsi ilə başa çatıb. Qeyd edək ki, İctimaiyyət tərəfindən Soyqırımı Memorial Kompleksinin ziyarəti gün ərzində davam etdirilib.

