Bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar müəyyən edilib.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına görə, laborator müayinələr zamanı yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən 3-MCPD emal çirkləndiricisi aşkarlanıb.
Qurum bildirib ki, aşkar edilən uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Bəzi ölkələrin müəyyən istehsalçılarına məxsus bitki yağlarının Azərbaycana idxalına məhdudiyyət tətbiq edilib.
AQTA bitki və palma yağlarının idxalı ilə məşğul olan sahibkarlara məhsulların təhlükəsizlik göstəricilərinə və qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyi tövsiyə edib. Nəzarət tədbirlərinin davam etdiriləcəyi bildirilib.

