Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Malayziya mənşəli bəzi bioloji aktiv qida əlavələrində uyğunsuzluq aşkarlayıb.
DenMedia.az xəbər verir ki, AQTA-nın laborator müayinələri zamanı “Saffren dietary supplement” və “Spirulina” adlı məhsulların tərkibində istifadəsinə icazə verilməyən sibutramin maddəsi müəyyən edilib.
Məlumata görə, “Saffren dietary supplement” məhsulunun istehsal tarixi 1 fevral 2025, son istifadə tarixi isə 1 fevral 2028-dir. “Spirulina”nın istehsal tarixi 10 yanvar 2025, son istifadə tarixi isə 9 yanvar 2028 göstərilib.
Faktla bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb. Eyni zamanda, uyğunsuz məhsulların ixracının dayandırılması üçün Malayziyanın səlahiyyətli qurumuna rəsmi müraciət göndərilib.
AQTA istehlakçılara bioloji aktiv qida əlavələrini yalnız etibarlı satış məntəqələrindən almağı, məhsulun mənşəyinə, etiket məlumatlarına və təhlükəsizlik göstəricilərinə diqqət yetirməyi tövsiyə edib.

