Azərbaycanın Rusiyadakı səfirliyi və Azərbaycanın Yekaterinburqdakı Baş Konsulluğu Kamçatkada çətin vəziyyətə düşən turist qrupunda olan Azərbaycan vətəndaşı Tatyana Dolivetslə bağlı vəziyyəti nəzarətdə saxlayır.
Diplomatik nümayəndəlikdən bildirilib ki, məlumat daxil olduqdan sonra Rusiya tərəfinin aidiyyəti qurumları və Kamçatkada yaşayan Azərbaycan icmasının nümayəndələri ilə əlaqə yaradılıb.
Hazırda vəziyyətin dəqiqləşdirilməsi və növbəti addımların koordinasiyası üçün zəruri tədbirlər görülür.
Tatyana Dolivetsin sosial şəbəkədə paylaşdığı məlumata görə, güclü yağışlar və çayın məcrasından çıxması nəticəsində Tolbaçik vulkanı yaxınlığındakı yol sel axınları ilə yuyulub. Təxminən 30 kilometrlik yol sahəsinin sıradan çıxması turist qrupunun geri qayıtmasına imkan vermir.
Kamçatka diyarının dövlət qurumları turistlərlə peyk rabitəsi vasitəsilə əlaqə saxlayır və vəziyyəti nəzarətdə tutur.
Qrupun hava nəqliyyatı, o cümlədən helikopterlə təxliyəsi isə hazırda əlverişsiz hava şəraiti səbəbindən məhduddur.
Rusiya tərəfi turistlərlə əlaqəni saxlamaq, onların vəziyyəti barədə məlumat almaq və hava şəraiti imkan verən kimi təhlükəsiz əraziyə təxliyəni təşkil etmək üçün tədbirləri davam etdirir.
Tatyana Dolivets özü sosial şəbəkədə onların isti yerdə olduqlarını və kifayət qədər ərzaqlarının olduğunu bildirib.

