Bakı Metropoliteninin “qırmızı” xəttində qatarların hərəkətində müvəqqəti fasilə yaranıb.
Denmedia.az xəbər verir ki, “Xalqlar dostluğu” stansiyasında qatarların hərəkəti müvəqqəti dayanıb. Qatarlar nə “İçərişəhər”, nə də “Əhmədli” istiqamətində hərəkət edib.
Metronun fəaliyyətində yaranan problem fonunda sərnişinlər taksi xidmətlərinin qiymətlərinin kəskin artması ilə də üzləşiblər. Hazırda taksi ilə gediş qiymətlərinin xeyli yüksəldiyi bildirilir.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, “İçərişəhər” stansiyasında qatarlardan birində texniki nasazlıq yaranıb. Nasaz qatar hazırda köməkçi qatar vasitəsilə xətdən çıxarılır.
Bununla əlaqədar “qırmızı” xətt üzrə qatarların hərəkət intervalları müvəqqəti olaraq artırılıb. Bildirilib ki, yaxın vaxtlarda hərəkətin qrafikə uyğun bərpa olunması nəzərdə tutulur.
“Yaşıl” və “bənövşəyi” xətlərdə isə qatarlar normal rejimdə hərəkət edir.

