Kürdəmirdə “27 sentyabr – Anım Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib.
“Anım Günü” ərəfəsində rayonun bütün yaşayış məntəqələrində olan şəhidlərimizin məzarları ziyarət olunub, ailələri ilə görüşlər keçirilib, ağacəkmə aksiyası təşkil edilib.
Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli və digər rəsmilər Şəhidlərin xatirə parkındakı abidəni ziyarət edib önünə gül dəstələri düzüblər.
Rayon İcra Hakimiyyətinin başçısı 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və tarixi ədalətin bərpası uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, hər il sentyabrın 27-si ölkəmizdə şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq “Anım Günü” kimi qeyd edilir.
Saat 12:00-da şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Canlarını Vətən torpağına fəda edən qəhrəmanlarımıza Allahdan rəhmət, ailələrinə güc və səbr diləyirik!
Aqil Əsədov
Denmedia.az

