Azərbaycan oktyabrın 6-da Suriyadan 13 vətəndaşını – 6 qadın və 7 uşağı repatriasiya edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Vətəndaşların geri qaytarılmasının təşkili üçün xarici ölkələrdə böhran vəziyyətinə düşmüş Azərbaycan vətəndaşlarının repatriasiyasına cavabdeh dövlət qurumlarının əməkdaşlarından ibarət İşçi Qrupunun nümayəndələri Suriyaya göndərilib.
Repatriantlar ilkin tibbi və psixoloji müayinədən keçirilib. Daha sonra Azərbaycanın Suriya və Türkiyədəki səfirliklərinin, eləcə də İstanbul şəhərindəki Baş Konsulluğunun əlaqələndirməsi ilə onlara Azərbaycana qayıdış şəhadətnamələri və təyyarə biletləri təqdim olunub, bundan sonra ölkəyə gətiriliblər.
XİN-dən bildirilib ki, repatriantların sosial reabilitasiyası və normal həyata qayıtması üçün zəruri tədbirlər görüləcək.
“Azərbaycan Respublikası hökuməti xarici dövlətlərin ərazisində silahlı münaqişələrin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirləri davam etdirəcək”, – deyə nazirlikdən bildirilib.

