Türkiyənin Milli Kəşfiyyat Təşkilatı cümə günü bildirib ki, 2016-cı ildə Ankarada Rusiya səfiri Andrey Karlovun qətlinin təşkilatçılarından biri hazırda Kanadada yaşayır. Bu barədə Daily Sabah nəşri məlumat yayıb.
Məlumata görə, terrorizm və casusluq ittihamları ilə axtarışda olan Cemal Karaata Türkiyəni tərk etdikdən sonra adını dəyişərək Salih Ada adı ilə yaşamağa başlayıb.
Nəşrin mənbələrinin bildirdiyinə görə, Karaata Kanadanın Ontario əyalətində yaşayır və psixoterapevt kimi çalışır.
Türkiyə rəsmiləri hesab edirlər ki, Karaata FETÖ adlanan gizli şəbəkənin yüksək vəzifəli üzvlərindən biridir və kəşfiyyat fəaliyyəti ilə məşğul olub. Türkiyəni tərk etməzdən əvvəl o, İstanbulda Fatih Universitetində dosent vəzifəsində çalışıb.
Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlov 19 dekabr 2016-cı ildə Ankarada Müasir İncəsənət Mərkəzində sərginin açılışı zamanı sui-qəsd nəticəsində öldürülüb. Qətli birbaşa törədən şəxs təhlükəsizlik əməkdaşı Mevlüt Mert Altıntaş olub və o, hadisə yerində zərərsizləşdirilib.
Türkiyə məhkəmə orqanları qətlin FETÖ-nün iştirakı və bu təşkilatın lideri Fətullah Gülənin birbaşa əlaqəsi ilə təşkil edildiyi qənaətinə gəlib.
İstintaq müəyyən edib ki, Altıntaş Rusiya səfirinin iş qrafiki barədə məlumata birbaşa çıxışa malik olmayıb, bu səbəbdən cinayətin kəşfiyyat strukturlarının dəstəyi ilə planlaşdırıldığı nəticəsinə gəlinib.
Araşdırma zamanı səfirin tədbirlər qrafiki ilə bağlı məlumatın Altıntaşa Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin sabiq əməkdaşı Şahin Söyüt tərəfindən ötürüldüyü məlum olub.
Karlovun qətli ilə bağlı məhkəmənin yekun qərarı 9 mart 2021-ci ildə çıxarılıb. Təqsirləndirilən Şahin Söyüt və Salih Yılmaz iki ömürlük həbs cəzasına məhkum ediliblər.
Türkiyə hakimiyyəti FETÖ-nü 2016-cı il dövlət çevrilişinə cəhdlə əlaqəli terror təşkilatı hesab edir.

