ABŞ Prezidenti Donald Trampın administrasiyası Qəzzanın nizamlanması üzrə yaradılan Sülh Şurasında üç ildən artıq müddət üzv olmaq istəyən ölkələrə 1 milyard dollar məbləğində ödəniş etməyi təklif edir. Bu barədə bazar günü Bloomberg agentliyi məlumat yayıb.
Agentliyin əldə etdiyi təşkilatın nizamnamə layihəsində deyilir ki, hər bir üzv dövlət nizamnamənin qüvvəyə mindiyi andan etibarən üç ildən artıq olmayan müddətə yer tutur və bu müddət sədrin qərarı ilə uzadıla bilər. Bununla belə, ilk il ərzində Şuraya 1 milyard dollardan çox nağd vəsait yatıran ölkələr üçün üçillik üzvlük müddəti tətbiq edilmir.
Layihəyə əsasən, ABŞ prezidenti qrupun ilk sədri olacaq və təşkilata kimlərin dəvət ediləcəyinə özü qərar verəcək. Qərarlar səs çoxluğu ilə qəbul ediləcək, hər iştirakçı dövlət bir səsə malik olacaq, lakin bütün qərarlar sədin təsdiqindən keçməlidir.
Eyni zamanda sənəddə Şura “münaqişədən zərər çəkmiş və ya münaqişə riski altında olan bölgələrdə sabitliyi təşviq etməyə, etibarlı və qanuni idarəetməni bərpa etməyə və dayanıqlı sülhü təmin etməyə çalışan beynəlxalq təşkilat” kimi təsvir olunur.
Bloomberg qeyd edir ki, tənqidçilər Trampın BMTyə alternativ və ya rəqib struktur yaratmağa çalışmasından narahatdırlar.

