Çinin Rusiyadakı səfiri Çjan Xanxuey TASS üçün yazdığı müəllif məqaləsində Pekinin beynəlxalq böhranlarla bağlı mövqeyini açıqlayıb və Çinin sülh danışıqlarına sadiq, ədalətli və qərəzsiz xətt tutduğunu vurğulayıb.
Diplomat bildirib ki, Ukrayna böhranı və Fələstin–İsrail münaqişəsi kimi kəskin beynəlxalq məsələlərdə Çin ardıcıl şəkildə bitərəf və ədalətli mövqe tutur, atəşkəsə və sülhün bərpasına çağırış edir, danışıqların təşviqi üçün fasiləsiz səylər göstərir.
Məqalədə Çin xarici siyasətinə xas prinsiplərə — “fərqləri saxlayaraq birliyə can atmaq” və “qarşılıqlı faydalı əməkdaşlıq” anlayışlarına da yer verilib. Səfir qeyd edib ki, Çin hegemonizmi və güc siyasətini rədd edərək hər zaman tarixin doğru tərəfində dayanır.
Praktiki nümunə kimi Çjan Xanxuey, ehtimal ki, “Sülh dostları” təşəbbüsünü nəzərdə tutub. Sözügedən platforma 2024-cü ilin sentyabrında Çin, Braziliya və qlobal Cənub ölkələri tərəfindən Ukrayna böhranının dinc yolla həllinə töhfə vermək məqsədilə yaradılıb.

