Rusiyada terror aktları törədərək dinc insanları öldürən şəxslər üçün ölüm hökmünün tətbiq olunması təklif edilib.
Bu fikirlə Maksim Qriqoryev TASS agentliyinə müsahibəsində çıxış edib.
O bildirib ki, ümumilikdə ölüm hökmünün tərəfdarıdır, xüsusilə də terrorçulara münasibətdə bu cəzanın tətbiqini məqsədəuyğun hesab edir. Qriqoryev misal olaraq Krokus Siti Holl hadisəsini xatırladıb və belə cinayətlərin ən ağır şəkildə cəzalandırılmalı olduğunu deyib. Həmçinin o, dinc əhaliyə qarşı zorakılıq törədənlərin də eyni məsuliyyətə cəlb olunmalı olduğunu vurğulayıb.
Bununla belə, Qriqoryev ölüm hökmünə moratoriumun yaxın vaxtlarda ləğv olunmasının real görünmədiyini etiraf edib. Onun fikrincə, belə bir cəzanın hüquqi sistemdə mövcudluğu zorakılıq cinayətlərinin qarşısını almaqda çəkindirici rol oynaya bilər.

