Bill Clinton ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsi qarşısında Ceffri Epşteynin cinayətləri üzrə aparılan istintaq çərçivəsində ifadə verib. Qapalı dinləmələr Nyu-Yorkun ətrafında keçirilib.
Komitənin sədri James Comer görüşü “məhsuldar” adlandırıb və bildirib ki, sabiq prezident bütün suallara cavab verib və ya ən azı cavab verməyə çalışıb. Konqres üzvü Nancy Mace isə qeyd edib ki, Klinton vəkillərinin susmağı tövsiyə etməsinə baxmayaraq danışmağa davam edib.
Klinton daha əvvəl dəfələrlə Ceffri Epşteynin azyaşlıların istismarı ilə bağlı cinayətlərində iştirakını qəti şəkildə inkar edib. O vurğulayıb ki, Epşteynlə əlaqələr onun cinayət fəaliyyəti ictimaiyyətə məlum olmadan xeyli əvvəl dayandırılıb.
Sabiq prezident həyat yoldaşı Hillary Clintonın komitəyə çağırılmasını da ədalətsiz adlandırıb və bildirib ki, o, heç vaxt milyarderin obyektlərinə baş çəkməyib.
Bundan əvvəl ABŞ-da Klintonun Epşteynlə əlaqələrinə dair yeni məlumatlar açıqlanıb. Komitə sədri Comer bildirib ki, Epşteyn Klintonun prezidentliyi dövründə Ağ Evə 17 dəfə səfər edib. Həmçinin sabiq prezidentin maliyyəçinin təyyarəsindən azı 27 dəfə istifadə etdiyi məlum olub.

