ABŞ-ın İrana qarşı strateji qələbə qazanmaq üçün kifayət qədər resursu yoxdur. Bu barədə keçmiş CIA zabiti Larri Conson professor Qlenn Dizənin YouTube kanalında yayımlanan müsahibəsində bildirib.
Onun sözlərinə görə, Qərbdə İrana təzyiq göstərərək onu güzəştlərə məcbur etməyin mümkün olduğu barədə fikir formalaşıb, lakin bu reallığı əks etdirmir.
“Biz düşünürük ki, onları məğlub etmək üçün hərbi gücümüz var, amma belə deyil. İranı yalnız bir milyon insan itirərək və böyük itkilər verərək məğlub edə bilərdik. Məncə, Amerika xalqının buna dözəcək iradəsi yoxdur”, – deyə Conson bildirib.
O qeyd edib ki, məhz bu səbəbdən Tehran diplomatik səviyyədə sərt mövqe tutur və hücumlar başladıqdan sonra heç bir güzəştə getməyib.
Conson əlavə edib ki, İran ABŞ və müttəfiqlərinin gözləntilərinə uyğun davranmaq niyyətində deyil.
“İran yalnız ABŞ və İsrail istədiyi üçün Hörmüz boğazından imtina etməyəcək. Onlar faktiki olaraq ABŞ və İsraildən kapitulyasiya əldə edənə qədər mübarizəni davam etdirəcəklər”, – deyə o vurğulayıb.
Qeyd edək ki, İran fevralın 28-dən etibarən ABŞ və İsrailin addımlarına cavab olaraq Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə zərbələr endirir.
Təl-Əviv bu əməliyyatların məqsədinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bildirib. Vaşinqton isə İranın hərbi potensialını məhv etməklə hədələyib və hakimiyyət dəyişikliyi çağırışları səsləndirib.
Öz növbəsində Tehran müdafiəyə hazır olduğunu vurğulayıb və danışıqların bərpası üçün əsas görmədiyini bəyan edib.

