Livanın “Hizbullah” hərəkatı aylıq təxminən 50 milyon dollar xərcləyir.
Bu barədə Euractiv nəşri Qərb kəşfiyyatının hesabatına istinadən məlumat yayıb.
Sənəddə təşkilatın maliyyə strukturu və bu prosesdə iştirak edən əsas şəxslər təsvir olunur. Bildirilir ki, hərəkatın mövcud fəaliyyətini davam etdirməsi üçün böyük həcmdə maliyyə vəsaiti tələb olunur.
Məlumata görə, bu vəsaitlər silah alışına, üzvlərə ödənişlərə, həmçinin yaralanmış və ya həlak olmuş döyüşçülərin ailələrinə dəstək proqramlarına yönəldilir.
Əsas maliyyə mənbəyi kimi İran göstərilir. Bununla yanaşı, təşkilat Livan daxilində və xaricdəki tərəfdarlardan, eləcə də yerli sponsorlardan da vəsait alır. Sponsorlar arasında Al-Amana yanacaq şirkəti və Jood qızıl hasilatı şirkətinin adı çəkilir.
Hesabatda həmçinin livanlı iş adamı Məhəmməd Nureddin hərəkatın əsas maliyyəçilərindən biri kimi qeyd olunur. Digər maliyyə mənbələrindən biri kimi isə Hassan K. adlı şəxsin adı çəkilir; onun Livan və Dubayda qızıl hasilatı fəaliyyəti ilə məşğul olduğu bildirilir.

