İsveçrədə İran və ABŞ arasında keçirilməsi gözlənilən görüşlər təxirə salınıb.
Bu barədə İsveçrə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, Bürgenstockda planlaşdırılan toplantılar bu gün baş tutmayacaq. Bununla da daha əvvəl elan olunan görüş ləğv edilib.
Açıqlama Ağ Evin İranla aparılacaq texniki görüşlərə hazırlığın davam etdiyini, lakin ABŞ vitse-prezidenti Cey Di Vensin İsveçrəyə səfərinin hələlik təxirə salındığını bildirməsindən sonra verilib.
Ağ Evdən verilən məlumatda qeyd olunub ki, Vensin gün ərzində keçirdiyi mətbuat konfransında da dediyi kimi, yaxınlaşan texniki görüşlərlə bağlı planlar hələ tam dəqiqləşməyib.
ABŞ heyətinin ilk uyğun fürsətdə yola çıxmağa hazır olduğu bildirilsə də, bu danışıqların logistikasının heç vaxt sadə və əvvəlcədən proqnozlaşdırılan olmadığı vurğulanıb.
Açıqlamada vitse-prezident Vensin bu gecə səfərə çıxmayacağı və səfərin hələlik təxirə salındığı qeyd edilib.
“Texniki görüşlərə mümkün olan ən qısa zamanda başlamağı səbirsizliklə gözləyirik”, — deyə Ağ Evin məlumatında bildirilib.
Vens daha əvvəl Ağ Evdə keçirdiyi mətbuat konfransında İranla texniki danışıqların bu həftəsonu başlamasının gözlənildiyini, görüşlər üçün İsveçrəyə getməyi planlaşdırdığını, lakin vaxtın İran nümayəndə heyətinin səfər imkanlarından asılı olaraq dəyişə biləcəyini demişdi.
Qeyd edək ki, İran və ABŞ Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində iyunun 14-də müharibənin dayandırılması və tərəflər arasındakı problemlərin danışıqlar yolu ilə həllini nəzərdə tutan 14 maddəlik razılaşma əldə etdiklərini açıqlamışdılar.
İslamabad Mutabakatı adlandırılan memorandum iyunun 18-də İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp tərəfindən rəqəmsal formada imzalanaraq qüvvəyə minib.
Memorandumda Livan da daxil olmaqla müharibənin başa çatdırılması, Hörmüz boğazının açılması, ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasının aradan qaldırılması kimi müddəalar yer alır.
Sənədin imzalanmasından sonra tərəflərin yekun razılaşmaya nail olmaq üçün İranın nüvə proqramı və sanksiyaların ləğvi kimi məsələlər üzrə 60 günlük danışıqlar prosesinə başlaması gözlənilir.

