Yerli KİV-in məlumatına görə, Hörmüz boğazı yaxınlığında xəbərdarlıq atəşləri açılıb. İran İslam İnqilabı Keşikçiləri Korpusu isə radio mesajı vasitəsilə ticarət gəmilərinə boğaz ərazisinə yaxınlaşmamaq çağırışı edib. Bu barədə “Bild” məlumat yayıb.
Bununla yanaşı, İran rəsmiləri Hörmüz boğazından gəmiçiliyin hələ də mümkün olduğunu, lakin bunun yalnız əvvəlcədən müraciət təqdim edilməsi və Tehranın müəyyən etdiyi qaydalara əməl olunması şərti ilə həyata keçirilə biləcəyini bildiriblər.
CNN-in məlumatına görə, ABŞ Tehrana İsrailin Livana zərbələri davam etdirməməyə razı olduğu barədə mesaj çatdırıb.
Qeyd edək ki, iyunun 19-na keçən gecə İsrail ordusu Livanın cənubunda “Hizbullah”a məxsus 80-dən çox obyektə zərbələr endirib. Hədəflər arasında komanda məntəqələri və buraxılış mövqeləri də olub. Hücum nəticəsində 16 nəfər həlak olub.
Daha sonra bu gün İsveçrədə keçirilməsi planlaşdırılan ABŞ-İran danışıqlarının təxirə salındığı məlum olub. Vaşinqton bunu logistik çətinliklərlə izah edib. “Hizbullah”a bağlı media qurumları isə gecikmənin İsrailin Livandakı hərbi əməliyyatı ilə əlaqəli olduğunu iddia edir.

