ABŞ Prezidenti Donald Tramp və onun birinci həyat yoldaşı İvana Trampın vaxtilə yaşadığı Qrinviç şəhərindəki malikanə söküləcək. Bu barədə “Page Six” nəşri məlumat yayıb.
Məlumata görə, malikanənin yeni sahibi ərazidə yeni yaşayış kompleksi inşa etdirməyi planlaşdırır. Yeni evin layihəsini Robert A.M. Stern Architects memarlıq bürosu hazırlayır. Bu büro daha əvvəl ABŞ-ın keçmiş prezidenti Corc Buşun Prezident Mərkəzinin layihələndirilməsi ilə də məşğul olub.
“Prezident Trampın İvana Trampla birlikdə yaşadığı Qrinviçdəki malikanənin buldozerlərlə sökülməsi planlaşdırılır”, - deyə məlumatda qeyd olunub.
Yeni sahibin planına əsasən, ərazidə açıq və qapalı tennis kortları, açıq hovuz, əsas yaşayış evi və bir neçə yardımçı bina tikiləcək.
Nəşrin məlumatına görə, İvana Tramp 1992-ci ildə boşanmadan sonra malikanənin sahibi olaraq qalıb. Ev yalnız 2024-cü ildə, İvana Trampın vəfatından iki il sonra 31,5 milyon dollara satılıb.

