Microsoft-un həmtəsisçisi Bill Geyts Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən süni intellekt sammitində planlaşdırılan açılış çıxışını tədbirə saatlar qalmış proqramdan çıxarıb.
Bill & Melinda Gates Fondunun yaydığı açıqlamada bildirilib ki, “sammitin əsas prioritetlərinə fokuslanmaq məqsədilə cənab Geyts açılış nitqini etməyəcək”. Qərarın səbəbi ilə bağlı əlavə detal verilməyib.
Son həftələrdə Geytsin adı mərhum maliyyəçi Ceffri Epşteynlə bağlı yayımlanan sənədlərdə yenidən gündəmə gəlib. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı materiallarda Epşteynin 2013-cü ildə öz elektron poçt hesabında qaralama kimi saxladığı və Geyts barədə iddialar yer alan mesajlar da mövcuddur. Bildirilir ki, bu mesajlar göndərilməyib və müəllifliyi tam dəqiqləşməyib.
Sözügedən qaralamalarda Geytslə bağlı cinsi xarakterli ittihamlar və şəxsi məsələlərlə bağlı iddialar yer alıb. Lakin bu məlumatların təsdiqlənmədiyi vurğulanır.
Bill Geyts isə bütün iddiaları rədd edib. O, CNN-ə nümayəndəsi vasitəsilə açıqlamasında Epşteynlə görüşünü “ciddi mühakimə səhvi” adlandırsa da, hər hansı qanunsuz və ya uyğunsuz fəaliyyətdə iştirak etmədiyini qəti şəkildə bildirib. Geyts Epşteynin adasında keçirilən tədbirlərdə iştirak etmədiyini və qeyri-qanuni fəaliyyətlərlə əlaqəsinin olmadığını vurğulayıb.

