İsrail hakimiyyəti ölkənin ABŞ-dakı nüfuzunu yaxşılaşdırmaq üçün aparılan kampaniyaya təxminən 50 milyon dollar ayırıb.
Bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.
Nəşrin yazdığına görə, Pew Research mərkəzinin mart ayında keçirdiyi sorğuda yetkin amerikalıların təxminən 60 faizi İsrailə mənfi münasibət bəslədiyini bildirib. Bu münasibətin İsrailin Qəzza və İranla bağlı hərbi münaqişələrdəki fəaliyyəti ilə əlaqələndirildiyi qeyd olunub.
Kampaniya çərçivəsində ABŞ sakinlərinin mobil telefonlarına “Sülh naminə dostlar” adlı qrupdan mesajlar göndərilir.
Mesajlarda istifadəçilərə belə bir sual ünvanlanır:
“Sizcə, ABŞ və İsrailin İranla sülh danışıqları qlobal təhlükəsizliyə necə təsir edəcək?”
İstifadəçi suala cavab verdikdən sonra onunla ünsiyyətə çat-bot qoşulur.
Kampaniyaya həmçinin ABŞ-nin mühafizəkar və liberal mediasında materialların yerləşdirilməsi, eləcə də məşhur bloqerlərlə əməkdaşlıq daxildir.
WSJ sosial şəbəkələrdən birində təxminən 200 min izləyicisi olan hesabın yaradıcısı Yoav Devisin adını da çəkib. Bildirilir ki, onun rəhbərlik etdiyi marketinq şirkəti İsraillə influenserlər və digər məşhur şəxslərlə işləmək üçün müqavilə bağlayıb.
İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, ölkə hakimiyyəti 2026-cı ildə beynəlxalq imicin yaxşılaşdırılması proqramlarına 700 milyon dollardan çox vəsait ayırmağı planlaşdırır.

