Tokio yaxınlığında yerləşən Tama zooparkında son bir həftə ərzində üç şir ölüb.
Zoopark rəhbərliyinin məlumatına görə, heyvanların ölümünə Yaponiyada davam edən anomal istilərin yaratdığı ağırlaşmaların səbəb olduğu ehtimal edilir.
Son həftələrdə ölkənin bəzi bölgələrində temperatur 40 dərəcəni keçib, istilikvurma səbəbilə zərərçəkənlərin sayı isə on minlərlə ölçülür.
23 iyuldan etibarən güclü istilər başladıqdan sonra şirlərin saxlandığı bölmə ziyarətçilər üçün bağlanıb. Bir neçə heyvana baytar yardımı göstərilib.
Heyvanlarda iştahsızlıq, gücsüzlük və hərəkətliliyin azalması müşahidə olunub. Bəzi şirlər yerimə qabiliyyətini itirib və huşunu itirib.
İlkin müayinələr ölən şirlərdə susuzlaşma və çoxsaylı orqan çatışmazlığı olduğunu göstərib. Zoopark rəhbərliyi həddindən artıq qızmanı əsas ehtimallardan biri saysa da, dəqiq səbəb yarılmadan sonra müəyyən ediləcək.
Hazırda daha üç şir ağır vəziyyətdədir və müstəqil hərəkət edə bilmir. Onların sərinləşdirilməsi üçün kondisioner və ventilyatorlardan istifadə olunur.

