“Microsoft”un qurucusu Bill Qeytsin qızı Fibi Qeyts “cookie stuffing” adlanan, tərəfdaşlıq komissiyalarının qanunsuz əldə edilməsi ilə bağlı dələduzluq sxemində ittiham oluna biləcəyi üçün 20 ilədək həbs cəzası ilə üzləşə bilər.
LADbible Bloomberg-in araşdırmasına istinadən yazır ki, söhbət Fibi Qeytsin təsis etdiyi “Phia” xidmətinin fəaliyyətindən gedir.
Şirkət istifadəçilərə geyim və aksesuar alarkən endirim tapmağa kömək edən brauzer əlavəsi hazırlayıb. Bloomberg-in məlumatına görə, xidmət istifadəçi onun funksiyalarından yararlanmadığı hallarda belə avtomatik şəkildə tərəfdaşlıq kukiləri yerləşdirə bilərdi. Bu isə “Phia”ya əslində əlaqəsi olmayan satışlardan komissiya əldə etmək imkanı verirdi.
Mübahisəli funksiya iyulun əvvəlində deaktiv edildikdən sonra xidmətin gündəlik gəliri, nəşrin məlumatına görə, təxminən 80 min dollardan 10 min dollara düşüb.

