ABŞ-nin “USS Abraham Lincoln” aviadaşıyıcısında xidmət edən bir neçə hərbçinin intihara cəhd etdiyi bildirilir. Hərbçilərin ailələri uzunmüddətli Yaxın Şərq missiyasının ekipaj üzvlərində ciddi fiziki və psixoloji tükənməyə səbəb olduğunu deyirlər.
Military Times-a istinad edən NEWS.ru-nun məlumatına görə, aviadaşıyıcı 260 gündən artıqdır Yaxın Şərqdə xidmət edir.
Gəmidə təxminən 5 min dənizçi və dəniz piyadası var. Onların missiyası 21 noyabr 2025-ci ildə başlayıb və aviadaşıyıcı səkkiz aydan artıqdır döyüş bölgəsində ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına dəstək verir.
Əvvəlcə missiyanın may ayında başa çatması nəzərdə tutulsa da, xidmət müddəti uzadılıb və gəminin ABŞ-yə qayıdacağı tarix açıqlanmayıb.
Vəziyyət hərbçilərin ailələrində ciddi narahatlıq yaradıb. Yaxınları ekipaj üzvlərinin təhlükəli psixoloji vəziyyətdə olduğunu bildiriblər.
Məsələyə ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Brad Cooper də münasibət bildirib. Aviadaşıyıcıya səfər edən Cooper uzun müddət dənizdə qalmağın hər kəs üçün uyğun olmadığını etiraf edib:
“Bu, hər kəs üçün fərqli çətinliklər yaradır və hər birimiz, mən də daxil olmaqla, stressə müxtəlif cür reaksiya veririk”.
Bundan sonra ABŞ Prezidenti Donald Tramp “USS Abraham Lincoln”un tezliklə Yaxın Şərqdən geri qaytarılacağını və əvəzlənəcəyini açıqlayıb.
Məsələ təkcə donanma ilə məhdudlaşmır. Bloomberg-in məlumatına görə, avqustun əvvəlində ABŞ Silahlı Qüvvələrinin Kiberkomandanlığında bir ay ərzində azı beş intihar hadisəsi qeydə alınıb.
Mənbədə iş yükünün son bir ildə, o cümlədən İranla bağlı hərbi əməliyyatlar fonunda ciddi şəkildə artdığı bildirilir. Kiberkomandanlığın rəhbəri Joshua Rudd personal üçün psixoloji və koqnitiv dəstək proqramlarına 11 milyon dollar ayrılmasını istəyib.
NEWS.ru-ya danışan rusiyalı mütəxəssislər hadisələri uzunmüddətli stress, ağır xidmət şəraiti və şəxsi heyət çatışmazlığı ilə əlaqələndiriblər. Bunlar ekspert rəyləridir və ABŞ hərbçilərindəki konkret intihar və intihara cəhd hallarının səbəblərinin rəsmi tibbi nəticəsi kimi qəbul edilməməlidir.

