Çin alimləri gənələr vasitəsilə yayılan yeni virus ştammı aşkar ediblər. Tədqiqatın nəticələri “New England Journal of Medicine” jurnalında dərc olunub.
Pekində yerləşən Patogenlərin Tədqiqi və Biotəhlükəsizlik üzrə Dövlət Mərkəzi Laboratoriyasının alimləri yeni patogen ortonayrovirusun “Asiya uzunbuynuzlu gənə nayrovirusu” (ALTNV) adlandırıldığını bildiriblər.
Tədqiqat zamanı 47 mindən çox gənə araşdırılıb və onların 2 faizindən azında yeni virusun RNT-si aşkarlanıb.
Mütəxəssislərin sözlərinə görə, ALTNV-yə yoluxma zamanı ən çox yüksək hərarət, halsızlıq, qripəbənzər əlamətlər və mədə-bağırsaq sistemində pozuntular müşahidə olunur.
Araşdırma göstərib ki, yalnız ALTNV-yə yoluxan pasiyentlər sağalıblar və infeksiya onların həyatı üçün birbaşa təhlükə yaratmayıb. Lakin ALTNV ilə yanaşı digər gənə virusu – DBV-yə eyni vaxtda yoluxan şəxslərdə xəstəlik daha ağır keçib.

