İsrailin Baş naziri Benyamin Netanyahu Roş-Ha-Şana bayramı ərəfəsində Suriyadakı Hermon dağına səfər edib. Onu müdafiə naziri İsrael Kats və İsrail ordusunun yüksək rütbəli komandirləri müşayiət ediblər.
“The Jerusalem Post”un məlumatına görə, Netanyahu səfər zamanı bölgədəki İsrail hərbi fəaliyyətləri barədə komandirlərdən məlumat alıb.
Hermon dağından ətraf əraziləri göstərən Netanyahu İsrailin şimal istiqamətində əldə etdiyi hərbi mövqedən danışıb.
“Dəməşq aşağıdadır, Livan buradadır”, – deyən Netanyahu Hermondan Yarmuk çayına və Aralıq dənizinə qədər uzanan ərazidə geniş hərbi nəzarət qurduqlarını iddia edib.
Baş nazir bunu “indiyədək görünməmiş mütləq nəzarət” adlandıraraq İsrailin son dövrdə əldə etdiyi ən mühüm hərbi üstünlüklərdən biri kimi qiymətləndirib.
Netanyahu çıxışında İrana da sərt mesaj verib.

“Əsas vəzifə İrandakı rejimi məğlub etməkdir. Buna çox yaxınıq. Bütün oxun sonda çökəcəyini bilirik. Bunu etməyə qərarlıyıq və edəcəyik”, – Netanyahu bildirib.
O, həmçinin İsrail sərhədinə yaxın ərazilərdə ölkəsinə təhlükə yarada biləcək silahlı qüvvələrin yerləşməsinə imkan verməyəcəklərini deyib.
İsrail ordusu Bəşər Əsəd hakimiyyətinin 2024-cü ilin dekabrında devrilməsindən sonra Hermon dağının Suriya tərəfində və 1974-cü il qüvvələrin ayrılması sazişi çərçivəsində yaradılmış bufer zonanın bəzi hissələrində nəzarəti ələ keçirib.

