Almaniya Kansleri Fridrix Merts Sosial Demokrat Partiyasını (SPD) Berlində keçirilən seçkilərdə qalib gələn Sol Partiya ilə koalisiya quracağı təqdirdə “cəhənnəmlə” üzləşəcəyi barədə xəbərdar edib.
Bild nəşrinin məlumatına görə, kansler bu barədə Bundestaqda Xristian Demokrat İttifaqı (CDU) və Xristian Sosial İttifaqının (CSU) parlament fraksiyasının qapalı iclasında danışıb.
Merts çıxışı zamanı 2025-ci ilin əvvəlində sosial demokratların CDU-ya qarşı səsləndirdiyi ittihamları xatırladıb.
Həmin vaxt SPD-nin parlament fraksiyasının rəhbəri Rolf Mütsenix xristian demokratları miqrasiya qanunvericiliyi ilə bağlı səsvermədə sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası ilə eyni mövqedən çıxış etdiklərinə görə “cəhənnəmin qapılarını açmaqda” ittiham etmişdi.
“İndi SPD cəhənnəmə o vaxtkı CDU-dan daha yaxındır”, – deyə Merts bildirib.
Kansler sosial demokratların Berlində Sol Partiya ilə koalisiyaya daxil olmayacaqlarını birmənalı şəkildə bəyan etməli olduqlarını vurğulayıb.
Məlumata görə, Sol Partiya bu həftə SPD və Yaşıllar Partiyası ilə mümkün hakim koalisiyasının formalaşdırılması istiqamətində ilkin danışıqlar aparmağı planlaşdırır.
Merts iclas zamanı partiyadaşlarını CDU-nun Sol Partiya və AfD ilə əməkdaşlığını istisna edən “siyasi sədd” prinsipi ətrafında daxili mübahisələrə son qoymağa da çağırıb.
Xatırladaq ki, sentyabrın 20-də Berlinin Deputatlar Palatasına keçirilən seçkilərdə Sol Partiya 25,7 faiz səslə qalib gəlib. CDU 18,8 faiz, AfD isə 16,3 faiz səs toplayıb.

