Avropa İttifaqı (Aİ) 2024-cü ildən bu yana Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya təxminən 8 milyard avro vəsait köçürüb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov məlumat verib.
Onun sözlərinə görə, söhbət Rusiyanın dondurulmuş maliyyə ehtiyatlarının birbaşa Ukraynaya verilməsindən deyil, həmin vəsaitlərin yenidən investisiya edilməsindən əldə olunan gəlirlərdən gedir.
Maslennikov bildirib ki, Avropa İttifaqı 2024-cü ildən etibarən Belçikada yerləşən “Euroclear” depozitarında dondurulmuş Rusiya Mərkəzi Bankının ehtiyatlarından əldə edilən gəlirləri Ukraynaya yönəldir.
“Bu müddət ərzində Ukraynaya köçürülən gəlirlərin ümumi həcmi 8 milyard avroya çatıb. Həmin məbləğin 3,5 milyard avrodan çoxu birbaşa silahların alınmasına sərf olunub”, – deyə Rusiya XİN rəsmisi vurğulayıb.
O qeyd edib ki, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya yönəldilməsi mexanizmi artıq iki ildir tətbiq olunur.

