ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Səudiyyə Ərəbistanı gələcəkdə nüvə silahı proqramı yaratmaq variantını istisna etmir.
Bu barədə The Washington Post Konqresə təqdim edilmiş məxfi sənədlərlə tanış olan ABŞ rəsmilərinə istinadən yazıb. Sənədlərdə Səudiyyə Ərəbistanının nüvə silahı əldə etməyə qərar verdiyi deyil, belə bir variantı açıq saxladığı bildirilir.
Məlumata görə, bu qiymətləndirmə Vaşinqtonla Ər-Riyad arasında imzalanmış mülki nüvə əməkdaşlığı sazişi ilə bağlı bəzi ABŞ qanunvericilərinin narahatlığını artırıb. Onlar razılaşmanın gələcəkdə nüvə silahının hazırlanmasına imkan yarada və Yaxın Şərqdə silahlanma yarışını sürətləndirə biləcəyindən ehtiyat edirlər.
ABŞ-Səudiyyə Ərəbistanı sazişi ilkin mərhələdə uranın 5 faizdən aşağı səviyyədə zənginləşdirilməsini nəzərdə tutur. Əlavə araşdırma və yazılı razılaşmadan sonra bu hədd 20 faizə qədər artırıla bilər. Tənqidçilər belə imkanların nüvə materiallarının hərbi məqsədlərə yönəldilməsi riskini artırdığını bildirirlər.
Saziş hazırda ABŞ Konqresində 90 günlük baxış mərhələsindədir. Qanunvericilər kifayət qədər dəstək toplaya bilsələr, razılaşmanın qarşısını almaq üçün müvafiq qərar qəbul edə bilərlər.
Səudiyyə Ərəbistanı isə nüvə proqramının dinc xarakter daşıdığını və yüksək şəffaflıq standartları əsasında həyata keçiriləcəyini bildirir. ABŞ Dövlət Departamenti də Vaşinqtonun Səudiyyə Ərəbistanının nüvə silahı proqramını dəstəkləmədiyini açıqlayıb.
Bu arada İranın xarici işlər naziri Abbas Araqçi Tehranın nüvə silahı əldə etməyin astanasında olması barədə iddiaları “böyük yalan” adlandırıb və İranın nüvə proqramının dinc məqsədlər daşıdığını bildirib.

