Şahzadə Harri və həyat yoldaşı Meqan Markl Britaniya taxtının varisi şahzadə Uilyam və Keyt Middltondan üzr istəmək niyyətində deyillər.
Bu barədə kral ailəsi üzrə ekspert Tom Sayks “Page Six” nəşrinə bildirib.
“Harri həmişə deyib ki, heç vaxt və heç nəyə görə üzr istəməyəcək”, – deyə ekspert qeyd edib.
Sayks bununla kral ailəsi daxilində mümkün barışıqla bağlı yayılan xəbərləri şərh edib. Onun sözlərinə görə, Sasseks hersoqu və hersoginyası 2021-ci ildə Opra Uinfriyə verdikləri qalmaqallı müsahibəyə görə də peşman deyillər.
Kral ailəsi üzrə ekspert Kinsi Şofild də bu fikirlə razılaşıb. O bildirib ki, Harrinin üzr istəməyə hazırlaşması barədə iddialara etibar etmək olmaz. Ekspertin sözlərinə görə, Harrinin və Meqanın Opra Uinfri ilə müsahibədə iştirak etdiklərinə görə peşman olmaları və “səhv etdiklərini etiraf etməyə” hazırlaşmaları barədə xəbərlərə ciddi şübhə ilə yanaşmaq lazımdır.
“Mənim öz mənbələrim bu məlumatın tamamilə həqiqətə uyğun olmadığını bildiriblər”, – Şofild deyib.

Avqustun sonunda şahzadə Harri və Meqan Marklın Böyük Britaniyaya qayıdacağı məlum olmuşdu. Onların Londonun kənarında yerləşən şəxsi evdə məskunlaşmağı planlaşdırdıqları bildirilirdi.
KİV-in məlumatına görə, cütlüyün Böyük Britaniyaya köçü müvəqqəti ola və bir neçə aydan bir neçə ilədək davam edə bilər.
Böyük Britaniyaya qayıtdıqdan sonra Harri ictimaiyyət qarşısına da çıxıb və Londondakı “Tower Bridge Studios”a baş çəkib.

