Sumqayıt şəhər İnternat tipli gimnaziyada 30 may tarixində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Rəngli dünyamızın ən gözəl rəngi uşaqlar" adı altında tədbir keçirilmişdir.
Den.az xəbər verir ki, tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər, şagirdlər iştirak etmişdir.
Tədbirdə çıxış edən məktəbin direktoru Fəridə Mustafayeva bildirib ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışmışdır.
Direktor müavini Aytən Əliyeva öz çıxışında bildirib ki, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir.Müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir.