Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəb əsaslı təmir və yenidənqurma işlərindən sonra şagirdlərin ixtiyarına verilib.
DenMedia.az xəbər verir ki, açılış mərasimində Elm və Təhsil nazirinin müavini Kənan Kərimzadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron–Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra çıxış edən Elm və Təhsil nazirinin müavini Kənan Kərimzadə ölkədə təhsilin inkişafı istiqamətində görülən işləri diqqətə çatdırıb, dövlətin bu sahəyə göstərdiyi davamlı qayğını vurğulayıb. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov isə çıxış edərək şəhərdə təhsilin inkişafı və yeni layihələr barədə məlumat verib. İcra başçısı bildirib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ölkədə təhsil sahəsinə göstərilən dövlət qayğısı nəticəsində Sumqayıtda da son illər mühüm irəliləyişlər əldə olunub. Onun sözlərinə görə, şəhərdə məktəb binalarının yenilənməsi, yeni təhsil müəssisələrinin tikintisi və mövcud məktəblərin müasir standartlara uyğun əsaslı təmiri davamlı xarakter daşıyır. Zakir Fərəcov qeyd edib ki, son illərdə Sumqayıtda onlarla məktəb binası əsaslı şəkildə yenidən qurulub, tədris şəraiti müasir tələblərə cavab verən səviyyəyə gətirilib. Yeni laboratoriyalar, informatika otaqları, idman zalları, kitabxanalar və akt zallarının yaradılması şagirdlərin həm elmi, həm də yaradıcı inkişafına geniş imkanlar açır. O vurğulayıb ki, bu layihələr şəhər əhalisinin, xüsusilə də gənc nəslin keyfiyyətli təhsilə çıxışını təmin etmək məqsədi daşıyır.
Abşeron–Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva isə məktəbin tarixi və təmir prosesi haqqında ətraflı danışıb. Məlumat verib ki, məktəb 1989-cu ildən fəaliyyət göstərir və 1296 şagird yeri ilə inşa olunub. 2023-cü ilin dekabrında əsaslı təmirə bağlanan bina bu ilin avqustuna qədər yenidən qurulub. Ümumi sahəsi 126 kvadratmetr olan məktəbin tikinti üçün ayrılan ərazisi 3 262 kvadratmetr təşkil edir. Yenidənqurma nəticəsində məktəb müasir tələblərə uyğun şəkildə inşa olunub. Binada 46 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 1 tibb otağı, 2 əmək təlimi otağı,1 hərbi hazırlıq otağı,1 kitabxana və oxu zalı,220 nəfərlik akt zalı, 216 nəfərlik yeməkxana, 2 idman zalı, 12 sanitariya qovşağı, 1 qardirob fəaliyyətə verilib. Məktəb 162 kompüter, 462 parta, 924 stul, 12 kondisioner, müasir istilik və su-elektrik sistemi, fərdi qazanxana, internet şəbəkəsi və təhlükəsizlik kameraları ilə tam təchiz olunub. Həyətyanı ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb.
Yeni tədris ili üçün məktəbdə 1 086 şagird qeydiyyatdan keçib. Onlara tədris prosesində 74 pedaqoji və 32 texniki işçi olmaqla ümumilikdə 101 nəfər xidmət göstərəcək.
Qeyd edək ki, 36 nömrəli məktəb müasir təhsil texnologiyalarının tətbiqini nəzərdə tutan “Rəqəmsal bacarıqlar” layihəsinə də qoşulub. Bu isə şagirdlərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasına imkan verəcək.