8 Noyabr – Zəfər Günü münasibətilə Sumqayıt şəhər İnternat tipli gimnaziyanın 3 “B” sinif şagirdləri müəllim Sehranə Əlizadənin təşkilatçılığı ilə maraqlı və mənalı təşəbbüsə imza atıblar.
DenMedia.az xəbər verir ki, onlar işğaldan azad olunmuş torpaqlarımızdan biri olan Kəlbəcər rayon Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdlərinə Zəfər ruhunu, vətən sevgisini və qüruru əks etdirən xarıbülbül ətirli məktublar göndəriblər.
Bu təşəbbüs xüsusi simvolik məna daşıyır. Müstəqil Azərbaycanın parlaq qələbəsini əks etdirən bu layihə, Sumqayıt şəhərindən Kəlbəcərə — azad edilmiş torpaqlara göndərilən ilk məktub aksiyası kimi dəyərləndirilir. Məktəblilərin səmimi sözlərlə yazdığı məktublar həm dostluq, həm də qardaşlıq körpüsü rolunu oynayır.
Layihənin əsas məqsədi azyaşlı nəsildə vətənpərvərlik, milli birlik və Zəfər ruhunu daha da gücləndirmək, həmçinin ölkənin müxtəlif bölgələrindəki məktəblilər arasında dostluq və mənəvi bağları möhkəmləndirməkdir. Şagirdlər məktublarında qəhrəman şəhidlərimizin xatirəsini ehtiramla anıb, Kəlbəcər torpaqlarında təhsil alan həmyaşıdlarına sevgi, qürur və təbrik dolu fikirlər ünvanlayıblar.
Məktəblilər bildiriblər ki, bu təşəbbüs onları birləşdirən Zəfər Günü kimi dəyərli bir tarixdə həyata keçirildiyi üçün xüsusi qürur hissi yaradır. Onların yazdığı məktublar, sanki Zəfər səlnaməsinin uşaq ürəklərində yazılan sətirləridir.
Qeyd edək ki, layihə həm Sumqayıt şəhər İnternat tipli gimnaziyasının, həm də Kəlbəcər rayon Bəhmən Cəfərov adına məktəbin pedaqoji kollektivləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu kimi təşəbbüslər gənc nəslin vətən sevgisini artırmaqla yanaşı, regionlararası təhsil əməkdaşlığını da genişləndirir.
Sonda hər iki məktəbin müəllim və şagird kollektivinə bu dəyərli “Zəfər ruhlu məktub dostluğu” layihəsinə verdikləri töhfəyə görə təşəkkür olunur.














Şahnaz Əliyeva
DenMedia.az