Sumqayıt şəhər 10 nömrəli tam orta ümumtəhsil məktəbinin 3 “A” sinif şagirdi Əbülfəz Rəhimov həm təhsildə, həm də incəsənətdə qazandığı nailiyyətlərlə yaşıdları arasında seçilir.
Bu barədə Denmedia.az-a şagirdin təhsil aldığı tam orta ümumtəhsil məktəbinindən məlumat verilib.
Kiçik yaşına baxmayaraq, o, həm dərslərində göstərdiyi yüksək nəticələrlə, həm də milli rəqs sahəsində əldə etdiyi uğurlarla məktəbini və şəhərini layiqincə təmsil edir.
Əbülfəzin uğur yolunda ən yaddaqalan nailiyyətlərindən biri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalında qazandığı birincilikdir. O, “Milli rəqs (solo)” nominasiyasında 1-ci yerə layiq görülərək böyük səhnədə parlaq çıxış edib. Mükafatın Leyla Əliyeva tərəfindən təqdim olunması isə bu uğuru daha da yaddaqalan edib.
Bu nailiyyət bir daha göstərdi ki, Əbülfəz yalnız istedadlı rəqqas deyil, həm də səhnə mədəniyyəti və milli dəyərlərə bağlılığı ilə seçilən bir ifaçıdır. Onun ifasında milli rəqslərimizin ritmi, plastikası və ruhu ahəngdar şəkildə vəhdət təşkil edir.
Əbülfəzin son uğuru isə 2026-cı ildə keçirilən Bakı Rəqs Çempionatında qeydə alınıb. O, yeniyetmələr arasında “Sozaleh” rəqsi ilə 1-ci yerə, “Naxçıvani” rəqsi ilə isə 2-ci yerə layiq görülüb. Bu nəticə onun ardıcıl zəhmətinin, peşəkar məşqlərinin və səhnəyə olan sevgisinin bariz nümunəsidir.
Məktəbdə isə Əbülfəz nümunəvi davranışı və dərslərində göstərdiyi fəallıqla müəllimlərinin rəğbətini qazanıb. O, təhsil və incəsənəti paralel şəkildə uğurla davam etdirərək həm yaşıdlarına, həm də digər məktəblilərə örnək olur.
Belə istedadlı gənclərin uğurları bir daha sübut edir ki, Sumqayıt məktəblərində böyüyən uşaqlar yalnız akademik biliklərlə deyil, eyni zamanda milli-mədəni dəyərlərimizə bağlı ruhda formalaşırlar. Əbülfəz Rəhimovun qazandığı nailiyyətlər onun gələcəkdə daha böyük səhnələrdə Azərbaycan mədəniyyətini layiqincə təmsil edəcəyinə inam yaradır.
Balaca yaşında böyük uğurlara imza atan Əbülfəzə yeni-yeni qələbələr arzulayırıq.









Ellada Rəsul
Denmedia.az

