Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Xırdalan şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbində sevinc dolu anlar yaşanıb.
Den.az xəbər verir ki, məktəbin 9-cu sinif şagirdi Şaiq Abdullayev 2025-ci il buraxılış imtahanlarında yüksək nailiyyət göstərərək maksimum – 300 bal toplayıb.
Məktəbin direktoru Şahin Yusifov yüksək nəticə göstərən şagirdi dərs zamanı sinifdə şəxsən təbrik edib. Direktor Şaiqin uğurunu onun zəhmətinin, əzmkarlığının və müəllimlərin peşəkar fəaliyyətinin nəticəsi kimi qiymətləndirib.
Məktəb üzrə ən yüksək nəticəni göstərən Şaiq Abdullayev həm müəllimlərinin, həm də sinif yoldaşlarının fəxrinə çevrilib. Onun bu uğuru məktəb kollektivində böyük coşqu ilə qarşılanıb.
Şagirdin sinif rəhbəri Elnarə Abdullayeva da bu nailiyyəti böyük qürur hissi ilə qarşılayıb. O bildirib ki, Şaiq dərslərində həmişə məsuliyyətli, səbirli və çalışqan olub.
Qeyd edək ki, Şaiq Abdullayev gələcəkdə yüksək texnologiyalar sahəsində təhsil almağı və ölkənin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub.
Onun bu nailiyyəti, xüsusilə də buraxılış imtahanında 300 bal toplaması məktəbin digər şagirdləri üçün də motivasiya mənbəyinə çevrilib.