Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasında dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Shanghai universitetinə yüksək təqaüdlə qəbul olan Abşeron rayonu Əfqan Qadaşov adına Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdi Nilufər Şükürova ilə görüş keçirilib.
Denmedia.az xəbər verir ki, görüşdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, başçının müavini Gülnar Rəhimova, Pirəkəşkül kənd tam orta ümumtəhsil məktəbinin direktoru Elnurə İsgəndərova və Nilufər Şükürovanın valideyni iştirak ediblər.
Qeyd olunub ki, Nilufər Şükürova NYU Shanghai universitetinə qəbul zamanı 82 min ABŞ dolları məbləğində dövlət tərəfindən maliyyələşdirilən təqaüd qazanıb. O, eyni zamanda bu ali təhsil müəssisəsinə qəbul olan ilk azərbaycanlı şagird kimi də fərqlənir.
Qəbul məktubuna əsasən, Nilufər güclü intellektual bacarıqları, analitik düşüncə tərzi və qlobal akademik mühitə töhfə vermək potensialı ilə seçilərək universitetin beynəlxalq tələbə kollektivi sırasına daxil edilib.
Şükürova Nilufər Ramil qızı xarici universitetlərə qəbul üçün nəzərdə tutulmuş SAT imtahanında 1600 mümkün baldan 1460 nəticə göstərərək Azərbaycan ortalamasına görə 96 faizlik yüksək göstərici əldə edib. Bundan əlavə, o, Azərbaycan Dövlət İqtisad Universiteti-nin marketinq üzrə assistent professoru, fəlsəfə doktoru Maral Camalova ilə birgə yazdıqları “İnfluenser etibarının, dəyərinin və qavranılan təsirin Trendyol istifadəçiləri arasında təkrar alış niyyətinin formalaşmasındakı rolu: Azərbaycan nümunəsi” adlı elmi məqalə ilə mart ayında keçiriləcək 13-cü Nyu York Beynəlxalq Konfransı – “Fənlərarası Tədqiqatlar və Təcrübələrdə İnkişaf Tendensiyaları” adlı beynəlxalq konfransa dəvət alıb.
Görüş zamanı çıxış edənlər Nilufərin əldə etdiyi nailiyyətlərin gənclər üçün örnək olduğunu vurğulayıb, onun gələcəkdə də Azərbaycanı beynəlxalq elmi və akademik mühitdə layiqincə təmsil edəcəyinə əminlik ifadə ediblər.
Sonda Nilufər Şükürova təltif olunub, ona gələcək təhsil həyatında yeni uğurlar arzulanıb.





Ellada Rəsul
Denmedia.az

