Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva 2026-2027-ci tədris ili üzrə müasir metodik xidmət çərçivəsində məktəblərə təyin olunmuş metodistlərlə görüşü keçirib.
Görüş zamanı yeni tədris ili üzrə prioritetlər müzakirə olunub, metodistlərin fəaliyyətinin nəticəyönümlü təşkili məqsədilə son üç ilin IV və VI sinif milli qiymətləndirmə nəticələri üzrə aparılmış təhlilin təqdimatı keçirilib.
Təhlildə metodistlərin məktəblərdə fəaliyyətə başlamasından əvvəlki nəticələr ilə onların fəaliyyət göstərdiyi dövrdən sonrakı nəticələr müqayisəli şəkildə nəzərdən keçirilib, əldə olunan göstəricilər və inkişaf dinamikası müzakirə olunub.
Daha sonra metodistlərlə qarşıda duran vəzifələr, yeni tədris ilində fəaliyyət istiqamətləri və gözləntilər barədə fikir mübadiləsi aparılıb. Metodistlərin fəaliyyət zamanı qarşılaşdıqları çətinliklər dinlənilib, mövcud problemlərin həlli və metodik dəstəyin gücləndirilməsi ilə bağlı müzakirələr keçirilib.
Görüşdə metodistlərin məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və şagird nailiyyətlərinin artırılması istiqamətində fəaliyyətlərinin daha sistemli və səmərəli təşkili əsas prioritetlərdən biri kimi diqqətə çatdırılıb.









Nizami Rəsulov
Denmedia.az

