Abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı DİM-in internet saytından, eləcə də “iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u bütün mobil operator nömrələrindən 7727-yə göndərməklə öyrənə bilərlər.
Dövlət İmtahan Mərkəzindən Denmedia.az-a bildirilib ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 2393 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1818 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların siyahısı ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tanış ola bilərsiniz. Jurnalın elektron versiyası (pdf formatında) günün sonunadək www.abiturient.az saytında yerləşdiriləcək və www.abiturient.az saytında ödəniş etməklə əldə etmək mümkün olacaq.
Qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı sentyabrın 30-u saat 15:00-dan oktyabrın 5-i saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali və ya orta ixtisas müəssisəsinə göndərilməyəcək.

