2026–2027-ci tədris ilindən etibarən “Rəqəmsal məktəb” platforması yalnız Bakıda deyil, ölkənin digər regionlarında da tətbiq olunacaq.
Bu barədə Azərbaycanın Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Yeni tədris ilindən platformadan Abşeronda 47, Gəncədə 50, Mingəçevirdə 29, Sumqayıtda 48 və Naxçıvanda 20 məktəbdə istifadə ediləcək. Beləliklə, daha 194 məktəb “Rəqəmsal məktəb” platformasına qoşulacaq.
Layihənin əsas məqsədi təhsil prosesinin rəqəmsallaşdırılmasını sürətləndirmək, məktəb idarəetməsində müasir texnologiyalardan istifadə imkanlarını genişləndirmək, eləcə də şagird, müəllim, valideyn və məktəb rəhbərliyi arasında əlaqəni daha çevik və səmərəli təşkil etməkdir.
Platformanın imkanları genişləndirildikdən sonra müəllimlər sinif jurnallarını elektron qaydada aparacaqlar. Bununla da kağız sənədlərdən istifadənin mərhələli şəkildə azaldılması və tədris məlumatlarının vahid rəqəmsal mühitdə idarə olunması nəzərdə tutulur.
Bununla yanaşı, platforma istifadəçiləri süni intellekt əsaslı rəqəmsal həllərə çıxış əldə edəcəklər. Bu alətlərin müəllimlərin gündəlik işini asanlaşdırması və tədris prosesinin fərdiləşdirilməsi imkanlarını genişləndirməsi planlaşdırılır.
Şagirdlər platforma vasitəsilə tədris resurslarına, gündəlik dərs cədvəlinə və qiymətlərinə elektron şəkildə baxa biləcəklər.
Valideynlər isə şəxsi kabinetləri vasitəsilə övladlarının davamiyyətini, qiymətlərini və nizam-intizam göstəricilərini izləyə biləcəklər.
“Rəqəmsal məktəb” platformasının yeni regionlarda tətbiqi ilə ölkə üzrə rəqəmsal təhsil imkanlarının mərhələli şəkildə genişləndirilməsi və vahid rəqəmsal təhsil ekosisteminin yaradılması hədəflənir.

